Sameqrelo Tbilisidən sonra ən çox qaçqının yaşadığı regiondur. Burada onların sayı 85 mindən artıqdır. Mütləq əksəriyyət Abxaziyadandır.

Gürcüstan-Abxaziya münaqişəsinin fəal fazasının bitməsindən iyirmi il keçib, amma bu günə qədər mənzil məsələsi onlar üçün birinci dərəcəli problem olaraq qalır.

90-cı illərdə, minlərlə insan doğma yurdlarını tərk edəndə dövlət onların yerləşdirilməsi prosesini təmin edə bilmirdi. Qaçqınların bir hissəsi kortəbii şəkildə xəstəxanalar, uşaq bağçaları, mehmanxanalar, təhsil müəssisələri, zavodlar və başqa dövlət binalarını tuturdular. Qalanları qohumlarının evində yerləşdi. Sameqreloda bu gün Abxaziyadan qovulan insanların kompakt yaşadığı bir neçə qəsəbə var. Onlar dözülməz  şəraitdə yaşayır və yüzlərlə ailə dövlətdən yaşayış şəraitinin yaxşılaşdırılmasını gözləyir.

Sosial yardım ümidi

Qaçqınlar artıq 22 ildir ki, Zuqdidi rayon xəstəxanasının yarı dağılmış binasında yaşayırlar. Onların əksəriyyəti sosial təminatsız şəxs statusundan istifadə edirdilər, amma son iki ildə bu status bir çoxlarının əlindən alınıb. Qalidən qovulan Dali Calaqoniya da onlardan biridir.

Dali tənha qadındır, keçmiş xəstəxana otaqlarından birində yaşayır. Bu otaq həm mətbəx, həm yataq otağı, həm də dəhlizdir.

Maliyyə yardımının dayandırılması haqda Dali gözlənilmədən, əvvəlcədən xəbərdarlıq edilmədən öyrənib.

“Başqa heç bir gəlirim yoxdur. Bu yardımla birtəhər dolanırdım. Elektrik enerjisinin pulunu ödəyir, çörək və kartof alırdım. Aydan aya birtəhər mağazalardan aldığım ərzağa görə borcumu bağlayırdım. Bir aydır ki, işıqsız oturmuşam, ödəmədiyimə görə söndürüblər. Səhhətim pisdir, qışı necə keçirəcəm, bilmirəm”, – o deyir.

Gürcüstanda minlərlə sosial təminatsız ailə 30 laridən 60 lariyə qədər maliyyə yardımı alır.

Daha çox ailənin bu yardıma ehtiyacı var. Amma müxtəlif səbəblər üzündən bəziləri bu yardımı ala bilməyib, digərlərinin isə yardımı dayandırılıb.

Yardımın ailəyə düşüb-düşmədiyini sosial müfəttişlər müəyyən edir, onlar ehtiyacı olanlara reytinq xalları verir.

Dali deyir ki, agentlər onun evində ona hədiyyə edilmiş,  sovet istehsalı balaca soyuducu görəndən sonra sosial yardımdan məhrum edilib: “Hesab etdilər ki, köhnə soyuducum varsa, deməli, milyonçuyam”.

Dali və qonşularının yaşadıqları bina əyilib. Yağışda ev damır, divarlardan kərpic və armatur görünür. Pəncərələr deformasiyaya uğrayıb, bəzilərində şüşə yoxdur deyə, sellofanla örtüblər. Ən çox əziyyət verən isə işləməyən kanalizasiya sistemidir. Bütün ailələrin istifadə etdiyi ümumi tualet antisanitariya mənbəyidir.

Dağılan xəstəxana binasının əksər sakinləri işsizdir. Onların məhsul yetişdirə biləcəkləri torpaq sahələri belə yoxdur. Yoxsulluq həddində yaşayırlar. Əsasən sosial yardımla dolanırlar. Bəziləri xırda-xuruş alver etməklə çörək pulu qazanır.

Əksər sakinlər məhz bu işlə məşğuldur. Buna görə də Zuqdididə küçə alverinə hər addımbaşı rast gəlmək mümkündür.

Bazara bitişik ərazidə çoxlu çörək, meyvə, tərəvəz və başqa malların satıldığı piştaxtalar var. Əksər alverçilər qaçqınlardır. Yerli hakimiyyət onlara bazardan kənarda işləməyi qadağa etsə də, onlar fasiləsiz olaraq etiraz aksiyaları təşkil edib, alverlərini davam etdirirlər, çünki bazarda yer pulu da vermək lazımdır.

Yeni məhəllədə yeni ev

Zuqdidi rayonunda 4273 qaçqın ailəsinin məskunlaşdığı 207 obyekt var. Onlar hər ay 45 lari müavinət alır.

Hökumət qaçqınların mənzil problemlərini mərhələli şəkildə həll etməyə çalışır, amma proses o qədər ləng gedir, mənzil gözləyənlərin sayı isə o qədər çoxdur ki, ümumi mənzərə hələlik dəyişmir.

Son dörd il ərzində Sameqreloda yaşayan qaçqınlara dövlət 800-ə qədər mənzil verilib. Bundan başqa, Zuqdidi bələdiyyəsində yaşayan 14 ailəni mənzillə təmin etmək layihəsi çərçivəsində evlər tikilib, eyni zamanda onların maaşla təmin olunmaları üçün kiçik qrantlar ayrılıb.

İndiki mərhələdə Zuqdididə qaçqınlar üçün dörd 12 mərtəbəli ev tikilib. Bura 288 ailə köçürüləcək.

Hazırda həyata keçirilən və planlaşdırılan tikintilər bitəndən sonra Zuqdididə 12 mərtəbəli 26 binadan ibarət kompleks salınacaq. Bu binalarda 2016 qaçqın ailəsi yaşayacaq.

Hakimiyyətin mənzillə təmin etdiyi insanlar hələ də yardımın verilməsini tələb edirlər, çünki başqa gəlir mənbələri yoxdur. İşsizlik həm qaçqınlar, həm də yerli əhalinin qarşısında duran, bütün Gürcüstan üçün əsas qlobal problemdir.

Qalidən qovulan Siala Kobaliya yeni tikilidə mənzil alanlardan biridir.

“Mənzilin açarlarını təhvil alanda az qala sevincimdən dəli olacaqdım. Yaşayış şəraitim indi əlbəttə ki, daha yaxşıdır. Amma hər gün xəstə uşağın pensiyası ilə bütün ailənin necə dolanacağı, uşağın qarnını nə ilə doyuzduracağımız haqda baş sındırmalı oluram. Əsas tələbimiz işlə təmin olunmaqdır”, – Siala Kobaliya deyir.

Seçkiqabağı marafon və torpaqlarından qovulanların ümidləri

Tezliklə Gürcüstanda parlament seçkiləri keçiriləcək, Zuqdidi isə az qala seçkiqabağı həyəcanın episentrinə çevrilib.

İş orasındadır ki, Zuqdididə 67-ci seçki məntəqəsi üzrə müxalif “Milli hərəkat”dan Gürcüstanın keçmiş birinci xanımı, hakimiyyətdən olan namizədin ciddi rəqibi hesab olunan Sandra Rulovs namizədliyini irəli sürüb.

Şəhər seçkiqabağı bilbord və plakatlarla doludur.

Mərkəzi parkda, qələbəlik yerlərdə, küçələrdə və qaçqın qəsəbələrində Zuqdididə piyada gəzən, insanlarla görüşüb, bol-bol vədlər paylayan müxtəlif partiya nümayəndələrinə rast gəlmək mümkündür.

Qaçqınlar da ənənəvi olaraq, seçki kampaniyalarının ən populyar mövzularından biridir.

Və bir qayda olaraq bütün partiyalar eyni vədləri verir – “Biz mütləq Abxaziyaya qayıdacağıq” kimi vətənpərvər şüarlardan tutmuş, ən mühüm problemlərin həllinə qədər.

Hakim “Gürcü arzusu” partiyasından olan majoritar namizəd Merab Kvaraya sürgün olunanlara yaxın 4 il ərzində 10 min yeni mənzil tikməyi, 1500 ailəni də yeni evlərlə təmin etməyi vəd edir.

Müxalifət bu vədlərə inanmır və hakimiyyəti qaçqınlar üçün korpusların tikintisinə ayrılan büdcə vəsaitinin israfında, bundan başqa mənzillərin paylanması zamanı korrupsiya və nepotizmdə günahlandırır.

Qaçqınların bir hissəsi seçkilərdən sonra dəyişikliklər gözləyir. Başqa bir hissəsi isə hesab edir ki, seçkilərdən sonra da onlar çətinlik və məhrumiyyətlərlə baş-başa olacaqlar.

“Bizə lazım olanda, bir dənə də siyasətçi tapılmır, indi isə özləri evlərə soxulurlar. Artıq görüşlərə başlayıblar, bizə qızıldan evlər vəd edirlər, təki səsimizi alsınlar. Şəxsən mən heç bir partiyaya inanmıram. Siyasətçilərinin əsas vədi sosial yardım olan ölkəni nə xilas edə bilər?!” – Abxaziyadan qovulan Alik Kobaliya deyir.

1234567